- 18:05
İngiltərədə yay aylarının təkcə isti hava ilə deyil, həm də təhlükəli canlıların istilası ilə yadda qalacağı açıqlanıb. Ölkənin ən zəhərli hörümçək növlərindən biri sayılan "yalançı dul hörümçəklər"in evlərə daxil olması ilə bağlı rəsmi qurumlar tərəfindən qırmızı xəbərdarlıq edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu həşəratların sancmasının ciddi ağrılar, şişkinlik, hərarət və allergik reaksiyalara səbəb ola biləcəyini bildirir. Xüsusilə uşaqlar, yaşlılar və allergiya problemi olan şəxslər üçün riskin daha yüksək olduğu vurğulanır.
Havanın isinməsi ilə aktivləşən və qaranlıq, rütubətli sahələrdə yuva salan bu qara rəngli və naxışlı hörümçəklər pəncərə, qapı və divar çatlaqları vasitəsilə evlərə daxil olurlar. Mütəxəssislər bildirir ki, istilanın davam edəcəyi növbəti 4 həftə ərzində xüsusilə ehtiyatlı olmaq vacibdir.
İngiltərə rəsmiləri və ekspertlər vətəndaşlara pəncərə və qapıları bağlı saxlamağı, çərçivələri və şüşələri həftədə bir dəfə təmizləməyi, ev və divarlardakı bütün çatlaq və boşluqları bağlamağı, hörümçək torlarının qarşısını almaq üçün sirkə tərkibli sprey istifadə etməyi, evin kölgəli və künc hissələrini mütəmadi olaraq təmizləməyi tövsiyə edir.
Mütəxəssislər bu tədbirlərin həm fərdi sağlamlıq, həm də ictimai təhlükəsizlik baxımından vacib olduğunu bildirir.
İngiltərədə vəziyyət diqqətlə izlənilir və ehtiyac yaranarsa əlavə tədbirlərin görüləcəyi istisna edilmir.
Humay Eminqızı