Yaponiya 2027-ci ildən elektrikli hava taksilərini istifadəyə verməyə hazırlaşır


  • 17:59

Yaponiyanın aparıcı hava yolu şirkəti "All Nippon Airways" (ANA) və ABŞ-ın Kaliforniya ştatında yerləşən "Joby Aviation" startapı 2027-ci ildən etibarən Yaponiyanın səmasında elektriklə işləyən hava taksilərini istifadəyə verməyə hazırlaşır. Bu əməkdaşlıq çərçivəsində 5 nəfərlik hava taksilərindən ibarət 100-dən artıq nəqliyyat vasitəsinin istismara verilməsi planlaşdırılır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ANA-nın prezidenti və baş direktoru Kodzi Şibata bu layihənin hava nəqliyyatında "qapıları yeni dövrə açacaq" bir inqilab olduğunu bildirib.

Layihəyə əsasən, bir pilot və dörd sərnişin daşıya bilən elektrikli hava taksiləri saatda 320 kilometr sürətə çata biləcək. Ənənəvi avtomobil və ya qatarla bir saatdan çox vaxt aparan Tokyo mərkəzi – Narita Hava Limanı marşrutu bu yeni nəqliyyat vasitəsi ilə təxminən 15 dəqiqəyə enəcək.

İlkin mərhələdə Narita və Haneda hava limanları ilə Tokyo şəhər mərkəzi arasında fəaliyyət göstərəcək taksilərin gələcəkdə marşrutlarının artırılması da nəzərdə tutulur.

Elektrikli hava taksiləri helikopterlər kimi şaquli qalxma qabiliyyətinə malikdir. Lakin bu texnologiya sıfır emissiya və minimum səs səviyyəsi ilə ənənəvi hava nəqliyyatından fərqlənir və ekoloji cəhətdən təmiz alternativ sayılır.

ANA nümayəndəsi AFP-yə verdiyi açıqlamada xidmətin qiymətləri ilə bağlı dəqiq məlumatın hələlik olmadığını, lakin bu nəqliyyat növünün əhalinin geniş təbəqəsi üçün əlçatan olması istiqamətində çalışdıqlarını bildirib.

Elektrikli hava taksilərinin ilk ictimai uçuş nümayişi 2025-ci ilin oktyabr ayında Osaka Ekspo sərgisi çərçivəsində həyata keçiriləcək.

Humay Eminqızı

Oxşar xəbərlər