- 08:41
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə "AnewZ" telekanalının müxbiri Nini Nikoleişvili Sıqnaxi bələdiyyəsində, qəzanın baş verdiyi yerdən məlumat verib.
***
22:43
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürülüb.
E-huquq.az xəbər verir ki, Sığnaxi bələdiyyəsi ərazisində Azərbaycan sərhədindən 5 kmlik məsadədə Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazi tam mühafizəyə götürülüb.
Hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır.
Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir.
***
21:51
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan "C130" hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb.
E-huquq.az xəbər verir ki, məlumatda deyilir:
"Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək".
***
21:04
Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.
***
19:37
Türkiyə Prezident Administrasiyası təyyarə qəzası ilə əlaqədar yayılan bəzi yanlış məlumatlarla bağlı ictimaiyyətə müraciət edib.
E-huquq.az xəbər verir ki, açıqlamada dəqiq və etibarlı ictimai məlumatın təmin edilməsi üçün yalnız rəsmi qurumların paylaşdığı məlumatlara istinad edilməli olduğu vurğulanıb. Qeyd olunub ki, təsdiqlənməmiş məlumatların yayılmamalıdır.
***
19:30
Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) axtarış-xilasetmə qrupları Gürcüstana yollanıb.
E-huquq.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, təyyarənin qəzaya uğradığı bölgənin dağlıq ərazi olmasını nəzərə alaraq, xüsusi xilasetmə qrupu Gürcüstana yola düşüb.
***
19:25
Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı ərazidədir.
E-huquq.az xəbər verir ki, onu birinci müavini Roni Mesxi, Kaxeti bölgəsinin qubernatoru Giorgi Aladaşvili və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri müşayiət edirlər.
Qeyd edək ki, qəza Kaxeti bölgəsinin Siqnaxi rayonu ərazisində baş verib.
***
18:10
Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.
E-huquq.az xəbər verir ki, onun paylaşımında deyilir:
"Azərbaycandan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.
Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.
Əziz millətimizə keçmiş olsun".
***
16:49
Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.