“Titanik” sərnişininin qızıl cib saatı hərraca çıxarılıb


  • 13:15

"Titanik" gəmisində ölən ən varlı sərnişinlərdən biri olan Isidor Ştrausa məxsus qızıl cib saatı hərraca çıxarılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ştraus və həyat yoldaşı İda gəmi qəzasında ölən 1500-dən çox sərnişin arasında olub. Qəzadan bir neçə gün sonra Ştrausun cəsədi Atlantik okeanından çıxarılıb və onun yanından 18 karatlıq qızıl Jül Yurgensen cib saatı tapılıb.

Bavariya əsilli iş adamı və siyasətçi Isidor Ştraus Nyu-Yorkdakı məşhur Macy's univermağının ortaq sahibi olub.

Məlum olub ki, İda fəlakət baş verən gecə xilasedici qayığa minməkdən imtina edib və ərinin yanında qalıb: Onun cəsədi heç vaxt tapılmayıb.

1888-ci ildə həyat yoldaşının hədiyyəsi olduğu güman edilən saat sonradan ailəyə təhvil verilib və nəsildən-nəslə ötürülüb. Onun mexanizmi Ştrausun nəvəsi Kennet Hollister Ştraus tərəfindən bərpa edilib.

Saatla yanaşı İdanın gəmidə yazdığı nadir məktub da hərraca çıxarılacaq. Məktubda İda "Möhtəşəm gəmidir! Qeyri-adi dərəcədə böyükdür və möhtəşəm şəkildə təchiz olunub. Otaqlarımız zövqlü və dəbdəbəlidir" - deyə qeyd edib.

18 karatlıq qızıl cib saatının 1 milyon funt-sterlinqə, İdanın məktubunun isə 150 ​​min funt-sterlinqə satılacağı gözlənilir.

"Titanikə olan marağı 113 ildir yaşadan da budur. Hər bir sərnişinin özünəməxsus hekayəsi var idi və bu gün də həmin hekayələr bu əşyalar vasitəsilə danışılmağa davam edir" - deyə hərracın sözçüsü bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər