- 00:05
Londondakı Təbiət Tarixi Muzeyinin apardığı qlobal araşdırma iqlim dəyişikliyinin heyvanlardan insanlara keçən zoonoz xəstəliklərə təsir göstərə biləcəyini ortaya qoyub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, muzeyin veb saytında dərc edilən tədqiqat dünyanın 1,5 dərəcə qlobal istiləşməyə yaxınlaşdığı bir dövrdə iqlim dəyişikliyinin zoonoz xəstəliklərin yayılma dinamikasını necə dəyişdirə biləcəyini qiymətləndirib.
Alimlər yüzlərlə elmi mənbəni araşdıraraq 53 zoonoz xəstəlik üzrə iqlimlə bağlı məlumatları toplayıblar. Ümumilikdə 816 zoonoz xəstəliyin yalnız təxminən 6%-nin iqlim dəyişikliyi kontekstində elmi şəkildə araşdırıldığı müəyyən edilib.
Araşdırmada ağcaqanad, gənə və birə kimi daşıyıcılar tərəfindən yayılan xəstəliklərin artan riski xüsusi vurğulanır. Tədqiqatçılar bildirirlər ki, temperatur, yağıntı və rütubət dəyişikliklərinə həssas olan bu orqanizmlər iqlim dəyişikliyi fonunda daha geniş ərazilərə yayıla bilər. Daha isti iqlim həm hava şəraitini dəyişdirir, həm də bir çox heyvan növünün yaşayış arealını dəyişərək insanların və vəhşi təbiətin daha çox təmasda olmasına səbəb olur. Bu isə zoonoz xəstəliklərin yayılma ehtimalını artırır.
Nəticələrə görə, yüksək temperatur xüsusən ağcaqanadlar vasitəsilə yayılan infeksiyaların riskini demək olar ki, iki dəfə artıra bilər. Temperaturun yüksəlməsi, həmçinin ağcaqanadların inkişaf dövrünü sürətləndirə və ya gəmirici populyasiyalarını artıraraq xəstəliklərin ötürülmə imkanlarını genişləndirə bilər.
Tədqiqatın müəlliflərindən biri Devid Reddinq vəba nümunəsini göstərərək qeyd edib: "Vəba gəmiricilər və onlarla qidalanan birələr arasında yayılan bakteriya səbəb olur. Temperatur bu sistemə ciddi təsir edir. İsti hava bəzi bölgələrdə gəmirici populyasiyalarını artırır və birələrin inkişafını sürətləndirir ki, bu da yoluxma ehtimalını yüksəldir".
Şəbnəm Mehdizadə