- 15:53
Argentina Prezidenti Xavyer Miley Folklend (Malvin) adaları ətrafında icazəsiz neft hasilatı fəaliyyətinə qarşı sanksiyaların sərtləşdiriləcəyini açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Miley televiziya ilə xalqa müraciəti zamanı adalar ətrafında neft hasilatının qarşısının alınması üçün bir sıra inzibati və qanunvericilik tədbirlərinin görüləcəyini bildirib. Argentina prezidenti bölgədəki neft ehtiyatlarından hasilatın ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını deyib və bu fəaliyyətlərdən "istifadə edən" tərəflərə qarşı sanksiyaların sərtləşdiriləcəyini vurğulayıb.
Miley adaların tarixi və hüquqi əsaslarla Argentinaya məxsus olduğunu müdafiə edib. O, həmçinin Folklend adaları sakinlərinin öz müqəddəratını təyin etmək hüququna malik olmadığını bildirib. Prezident Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətlərinin Şimali Malvin hövzəsində həyata keçirdiyi "Sea Lion" neft layihəsini təxirəsalınmaz təhlükə kimi qiymətləndirib.
"Əgər bu gün qətiyyətli və sürətli addımlar atmasaq, bir neçə ay ərzində onlar sularımızın altında yerləşən neft ehtiyatlarını ələ keçirmək imkanına sahib olacaqlar", - deyə Miley bildirib.
Argentina prezidenti, həmçinin ölkənin kontinental şelfində icazəsiz karbohidrogen fəaliyyəti ilə məşğul olan qurumlara qarşı sanksiya prosedurlarını sürətləndirən fərman imzalayıb.
Fərmana əsasən, Argentina hökuməti sözügedən şirkətlərin, eləcə də onların səhmdarlarının, rəhbərlərinin və kommersiya təchizatçılarının ölkə ərazisində fəaliyyət göstərməsinə qadağa tətbiq edə biləcək.
Qeyd edək ki, Folklend adalarının suverenliyi uzun illərdir Böyük Britaniya ilə Argentina arasında mübahisə mövzusudur. Atlantik okeanında, Argentinanın cənubunda yerləşən və təxminən 12 min kvadratkilometr ərazini əhatə edən arxipelaq Böyük Britaniyanın nəzarətindədir. London adaları özünün dənizaşırı ərazisi hesab edir.
Argentina isə adaları "Malvinas" adlandırır və onların İspaniyadan müstəqillik qazandıqdan sonra hüquqi əsaslarla Argentinaya keçdiyini bildirir. İki ölkə arasında 1982-ci il aprelin 2-də başlayan və altı həftə davam edən Folklend müharibəsində Böyük Britaniya qalib gəlib. Münaqişə hər iki tərəfdən ciddi insan itkisi ilə nəticələnib. Adaların statusu ilə bağlı 2013-cü ildə referendum keçirilib. Təxminən 2 500 sakinin yaşadığı adalarda seçicilərin 99,8 faizi "Böyük Britaniyanın dənizaşırı ərazisi olaraq qalmaq istəyirsinizmi?" sualına "Bəli" cavabını verib.
Şəbnəm Mehdizadə