Volkswagen 100 min iş yerini ixtisar etməyi planlaşdırır


  • 15:53

Məşhur avtomobil istehsalçısı Volkswagen qlobal rəqabətin güclənməsi və istehsal xərclərinin artması fonunda genişmiqyaslı yenidənstrukturlaşdırma planını həyata keçirəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət 2030-cu ilə qədər təxminən 100 min iş yerini ixtisar etməyi, məhsul çeşidini yarıbayarı azaltmağı və Almaniyadakı dörd istehsal müəssisəsinin fəaliyyətini dayandırmağı nəzərdə tutur.

Şirkət rəhbərliyi ilə həmkarlar ittifaqları arasında əldə olunan razılaşmaya əsasən, əvvəllər planlaşdırılan 50 min iş yerinin ixtisarına daha 50 min yer əlavə olunacaq. Beləliklə, onilliyin sonunadək Volkswagen qrupunda ixtisar ediləcək iş yerlərinin ümumi sayı 100 minə çatacaq.

Şirkət rəhbərliyi işçi qüvvəsinin strukturunun mövcud iqtisadi reallıqlara uyğunlaşdırılmasını şirkətin gələcəyi üçün zəruri addım kimi qiymətləndirib.

Yenidənstrukturlaşdırma yalnız işçi sayının azaldılması ilə məhdudlaşmayacaq. Qrupa daxil olan avtomobil modellərinin sayının da təxminən 50 faiz azaldılması planlaşdırılır. Şirkət Almaniyadakı istehsal müəssisələrində də genişmiqyaslı dəyişikliklər həyata keçirəcək.

Məlumata görə, Hannover, Emden, Zwickau və Neckarsulm şəhərlərində yerləşən dörd zavodun 2030-cu illərdə fəaliyyətini davam etdirəcəyinə dair zəmanət verilməyib.

650 mindən çox işçisi olan şirkətdə qərar ciddi rezonans doğursa da, transformasiya planı Müşahidə Şurası tərəfindən yekdilliklə təsdiqlənib.

Şirkətin bu addımı qlobal avtomobil bazarında artan rəqabət və xərclər fonunda atdığı ən böyük yenidənstrukturlaşdırma tədbirlərindən biri kimi qiymətləndirilir. Xüsusilə Çin avtomobil istehsalçılarının Avropa bazarında mövqelərini gücləndirməsi və ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları istehsalçının üzləşdiyi təzyiqləri artırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər