- 17:24
Finlandiya Porvoo şəhəri yaxınlığında sahildə aşkarlanan kəşfiyyat tipli pilotsuz uçuş aparatının (PUA) Rusiya istehsalı olduğunu açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA sentyabrın 1-də paytaxt Helsinki şəhərinin şərqində, Porvoonun cənubunda yerləşən Pellingi sahil ərazisində aşkarlanıb. İlkin araşdırmalar nəticəsində aparatın mülki məqsədlər üçün istifadə olunan model olduğu və üzərində heç bir partlayıcı maddənin olmadığı müəyyən edilib.
Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, Rusiya rəsmiləri kəşfiyyat və xəritəçəkmə məqsədləri üçün istifadə edilən PUA-nın itirilməsi barədə Finlandiya tərəfinə məlumat veriblər. Onun sözlərinə görə, bu məlumat aparatın aşkarlanmasından bir neçə gün əvvəl təqdim olunub.
Nazir insidentlə bağlı araşdırmaların davam etdiyini qeyd edib.
Finlandiya rəsmiləri hazırda PUA-nın ölkə ərazisinə hava yolu ilə daxil olub-olmadığını, yoxsa dəniz vasitəsilə sahilə sürükləndiyini müəyyənləşdirməyə çalışırlar.
Müdafiə Nazirliyi həmçinin aparatda partlayıcı maddə olmadığını bir daha təsdiqləyib.
Şəbnəm Mehdizadə