Baham adalarından Floridaya uçan təyyarə itkin düşüb


  • 12:09

Baham adalarından ABŞ-nin Florida ştatına doğru yola düşən və içərisində eyni ailənin dörd üzvünün olduğu kiçik təyyarə dənizə düşdükdən sonra itkin düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baham adaları polisinin açıqlamasına əsasən, beş nəfərlik kiçik “Piper” təyyarəsi Berri adalarındakı "Great Harbour Cay" ərazisindən havaya qalxıb.

Floridadakı "Miami Executive" hava limanına doğru uçan təyyarə ilə əlaqə Andros adasından təxminən 21 kilometr qərbdə olarkən kəsilib.

Ehtimal olunur ki, təyyarə dənizdə məcburi eniş edib və ya Şimali Andros sahilləri yaxınlığında qəzaya uğrayıb.

Əlaqə kəsildikdən sonra Baham adalarının rəsmiləri hava dəstəyi almaq üçün ABŞ Sahil Mühafizəsinə müraciət ediblər. Axtarış əməliyyatlarında iştirak etmək məqsədilə həmin əraziyə patrul təyyarəsi göndərilib.

Lakin bölgədə hava şəraitinin pisləşməsi səbəbindən əməliyyatlar müvəqqəti olaraq dayandırılmalı olub. Axtarış-xilasetmə əməliyyatının nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Bildirilib ki, təyyarədə 80 yaşlı pilot Mario Lamar, onun 79 yaşlı həyat yoldaşı Lili Lamar və cütlüyün iki nəvəsi olub.

Ailə üzvləri təyyarənin qalıqlarının və yaxınlarının mümkün qədər tez tapılması məqsədilə axtarış-xilasetmə işlərinə dəstək göstərmələri üçün aidiyyəti qurumlara və ərazidəki hər kəsə müraciət ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər