Qlobal quru ərazilərin 40 faizindən çoxu əsrin sonunadək quraqlaşa bilər


  • 14:02

Qlobal temperaturun yüksəlməsi fonunda planetin ən quraq bölgələrinin daha da quraqlaşacağı gözlənilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat ətraf mühit elmləri üzrə "Environmental Research Letters" jurnalında dərc olunan yeni tədqiqatda yer alıb.

Tədqiqatda XXI əsrin sonunadək Yer kürəsinin quru ərazilərinin 40 faizindən çoxunun quraqlaşa biləcəyi qeyd olunub. Çin Meşəçilik Akademiyasının alimləri tərəfindən aparılan araşdırmada qlobal quraq ərazilərin hazırkı yayılma arealının xəritələşdirilməsi və gələcəkdə genişlənməsinin proqnozlaşdırılması məqsədilə yenilənmiş iqlim modellərindən istifadə edilib. Təhlil zamanı regiondakı yağıntı miqdarının buxarlanma və transpirasiya nəticəsində yaranan potensial su itkisinə nisbəti əsasında hesablanan Quraqlıq İndeksindən (AI) istifadə olunub. Tədqiqatçılar müəyyən ediblər ki, iqlim dəyişikliyinin əsas səbəblərindən biri olan atmosferdə yüksək karbon qazı (CO₂) səviyyəsi bitkilərin məsamələrini bağlamasına və daha az su itirməsinə səbəb olur. Bu amil quraq bölgələrin genişlənməsini əvvəlki proqnozlarla müqayisədə daha çox ləngidir.

Bu amili nəzərə alan hesablamalara görə, 1994-2023-cü illərdə qlobal quru ərazilərin, Antarktida istisna olmaqla, 38,58 faizini təşkil edən quraq zonaların payı istixana qazı emissiyalarının səviyyəsindən asılı olaraq 2071-2100-cü illərdə 39,31-40,28 faizə qədər yüksələ bilər. Karbon qazının təsirini nəzərə almayan əvvəlki tədqiqatlarda isə quraq ərazilərin payının 2100-cü ilədək 56 faizə çata biləcəyi proqnozlaşdırılırdı. Bununla belə, ən yüksək proqnozlaşdırılan göstərici olan 40,28 faiz belə, əlavə olaraq 2,37 milyon kvadratkilometr ərazinin quraqlaşması deməkdir. Bu sahə Əlcəzairin ərazisinə və ya Avstraliyanın təxminən 30 faizinə bərabərdir. Proqnozlara əsasən, qarşıdakı əsrdə quraqlığın artması istiqamətində ən nəzərəçarpan tendensiya Avstraliyada müşahidə olunacaq. Bu ölkəni Braziliya və Afrikanın müəyyən bölgələri izləyəcək.

Hazırkı məlumatlara görə, dünya üzrə quraq ərazilərin böyük hissəsini yarıquraq bölgələr təşkil edir. Bununla yanaşı, Çin və Avstraliyada quraq zonalar üstünlük təşkil edir. Əlcəzair, Liviya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə isə həddindən artıq quraq ərazilər geniş yayılıb. Gələcək ssenarilər göstərir ki, ən əhəmiyyətli artım məhz həddindən artıq quraq ərazilərdə baş verəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər