- 17:16
Fransanın cənubundakı Kan-sür-Mer şəhərində yerləşən Renuar Muzeyindən təxmini dəyəri 9 milyon avro olan rəsm əsərləri oğurlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brayan Masson bəyanat yayıb.
Onun sözlərinə görə, bu gün səhər saatlarında iki nəfər Renuar Muzeyinə daxil olaraq dörd sənət əsərini oğurlayıb.
Masson bildirib ki, yerli vaxtla saat 05:48-də muzeyin siqnalizasiya sistemi işə düşüb. Bələdiyyə polis qrupları beş dəqiqə sonra hadisə yerinə çatsa da, şəhərin təhlükəsizlik kameralarında görüntülənən iki şübhəli artıq ərazini tərk edib.
Mer cinayətkarların polis tərəfindən fəal şəkildə axtarıldığını və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
"Renuar Muzeyinə hücum Kan-sür-Merin tarixi və irsinin bir hissəsinə hücumdur", - deyə Masson bildirib.
O, ölkənin muzeylərini və tarixi eksponatlarını qorumaq məqsədilə genişmiqyaslı təhlükəsizlik layihəsinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Masson oğurlanmış rəsm əsərlərinin ümumi təxmini dəyərinin 9 milyon avro olduğunu qeyd edib. Onun sözlərinə görə, oğrular qaçarkən dörd rəsm əsərindən ikisini geridə qoyublar.
Şəbnəm Mehdizadə