İsveç hökuməti ölkəni tərk edən miqrantlara 36 000 dollar ödəyəcək


  • 12:12

İsveç miqrantlarla bağlı son onillikdə həyata keçirdiyi siyasəti dəyişdirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər veir ki, hökumət miqrantların geri qayıtmasını təşviq etmək məqsədilə əhəmiyyətli maliyyə dəstəyi göstərməyə başlayıb.

2015-ci ildə 163 000 sığınacaq axtaran şəxsi qəbul edən İsveç, adambaşına düşən sığınacaq axtaranların sayına görə Avropada ikinci yeri tuturdu. 2025-ci ilə qədər bu rəqəm 96 faiz azalıb. Cinayətkarlıq səviyyəsini və miqrasiyanı azaltmaq vədi ilə hakimiyyətə gələn hökumət, 2026-cı ilin əvvəlindən etibarən ölkəni tərk etməyə razı olan, Avropa İttifaqına daxil olmayan ölkələrdən gəlmiş əcnəbilərə 350 000 İsveç kronunadək ödəniş təklif edən bir proqrama start verib. Hökumət həmçinin ümumi büdcəsi 1,3 milyard İsveç kronu (100 milyon funt-sterlinq) təşkil edən bu proqramı öz rəsmi veb-saytlarında müxtəlif dillərdə elan edib. Baş nazir Ulf Kristersson bildirib ki, geri qayıdanların sayının artırılması hökumətin prioritetləri sırasındadır.

Lakin miqrasiya üzrə ekspertlər belə maliyyə stimullarının könüllü geri qayıtma hallarını əhəmiyyətli dərəcədə artırdığını göstərən heç bir sübutun olmadığını bildirərək, bu tədbirlərin əsasən simvolik xarakter daşıdığını qeyd ediblər. İlin əvvəlindən bəri maliyyə təşviqi proqramı çərçivəsində ölkəni tərk etməyə razılaşanların sayı 171 nəfər təşkil edib.

Stokholmun Sätra məhəlləsinə toplaşan müxtəlif ölkələrdən olan miqrantlar bildirdilər ki, təklif olunan maliyyə təşviqlərindən xəbərdar olsalar da, İsveçdə qalmaq istəyirlər.

Sudandakı təzyiqlərdən qaçaraq səkkiz il əvvəl İsveçdə məskunlaşan rəssam Yelena İbrahim azad bir həyat sürdüyünü və geri qayıtmaq niyyətində olmadığını söyləyib. Stokholm məscidinin imamı Mahmud Xəlfi bildirib ki, bu cür siyasətlər müsəlman əhali arasında narahatlıq doğurub. Onun sözlərinə görə, bu tədbir köklü problemləri həll etmir. Könüllü qayıtmaq üçün təşviqlərlə yanaşı, İsveç administrasiyası miqrasiya qaydalarını sərtləşdirib. Daimi yaşayış icazələri ləğv edilib və icazələrin hər üç ildən bir yenilənməsi tələbi tətbiq edilib.

Avqust ayında hökumət ilk dəfə olaraq vətəndaşlıq üçün müraciət edənlər üçün məcburi dil və ümumi bilik imtahanlarına başlayıb.

Stokholmdakı imtahan mərkəzində 900 miqrant İsveç tarixi, kral nəsli və ənənəvi bayramlar kimi fənlərdən imtahan verib.

Miqrasiya naziri Yohan Forssel vətəndaşlığın hüquqlarla yanaşı, məsuliyyətləri də özündə ehtiva etdiyini bildirib və yeni tədbirləri ağlabatan tələblər kimi təsvir edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər