- 15:04
Böyük Britaniyada hava hərəkətinə nəzarət sistemində yaranan texniki nasazlıq səbəbindən yüzlərlə uçuş ləğv edilib, çoxsaylı reyslər isə gecikib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hava hərəkətinə nəzarət xidmətlərinin əsas təminatçısı olan NATS-də baş verən texniki problem nəticəsində təxminən 1000 uçuşun ləğv edildiyi bildirilir. NATS-in rəhbəri Martin Rolf problemin aradan qaldırılmasının gözləniləndən daha uzun çəkdiyini qeyd edərək sərnişinlərdən üzr istəyib. O, insidentlə bağlı hərtərəfli araşdırma aparılacağını açıqlayıb. Texniki nasazlıq səbəbindən havaya qalxa bilən təyyarələrin sayına məhdudiyyət qoyulub. Bu isə öz növbəsində eniş əməliyyatlarının da məhdudlaşdırılmasına və hava limanlarında ciddi sıxlığın yaranmasına səbəb olub. Nasazlığın təsirləri Böyük Britaniya ilə məhdudlaşmayıb. Şotlandiya və İrlandiyadakı hava limanlarında da gecikmələr qeydə alınıb. "EasyJet" 200, "British Airways" isə 100-dən çox reysi ləğv edib.
"Ryanair" və "Wizz Air" kimi aviaşirkətlər isə mövcud hava hərəkətinin idarə olunması strukturunun qeyri-kafi olduğunu bildirərək sistemin əsaslı şəkildə yenidən qurulmasına çağırış ediblər. Avropanın ən işlək hava limanlarından biri olan Hitrouda uçuşlar günorta saatlarında müvəqqəti dayandırılıb. Reyslərin həyata keçirilməməsi nəticəsində hava limanındakı dayanacaqlar dolub. Hitrouya enməli olan 13 reys isə Böyük Britaniya və Avropanın digər hava limanlarına yönləndirilib.
"British Airways" çərşənbə axşamı günortadan sonra 100-dən çox reysin ləğv edildiyini və ya digər hava limanlarına yönləndirildiyini açıqlayıb. Aviaşirkət reysləri ləğv olunan sərnişinlərə hava limanlarına gəlməməyi tövsiyə edib. "FlightRadar" məlumatlarına əsasən, nasazlıqdan ən çox Hitrou, Qatvik, Mançester və Birmingem hava limanları təsirlənib.
Bildirilir ki, texniki problem uçuş planlarının və əməliyyat məlumatlarının izlənməsi üçün hava hərəkəti dispetçerlərinin istifadə etdiyi əsas sistemdə yaranıb. Nasazlığın aradan qaldırıldığı bildirilsə də, yığılıb qalmış reyslər səbəbindən gecikmələrin bir müddət davam edəcəyi gözlənilir. Böyük Britaniyanın nəqliyyat naziri Heidi Alexander sərnişinlərə aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib. O bildirib ki, uçuşların tam şəkildə normallaşması müəyyən vaxt aparacaq.
Şəbnəm Mehdizadə