- 12:12
Kanadanın neft və təbii qaz ehtiyatları ilə zəngin Alberta əyalətinin mümkün müstəqilliyinin iqtisadi nəticələri oktyabrda keçirilməsi planlaşdırılan referendum ərəfəsində əsas müzakirə mövzularından birinə çevrilib.
E-huquq.az xarici KİV-öə istinadən xəbər verir ki, müstəqillik tərəfdarları hesab edirlər ki, Alberta zəngin neft və təbii qaz ehtiyatları sayəsində iqtisadi baxımdan müstəqil şəkildə fəaliyyət göstərə bilər. Onların fikrincə, hazırda federal hökumətə köçürülən vergi gəlirlərinin əyalətdə qalması əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verə bilər.
Separatçı qruplar əyalətin insan kapitalı, dövlət institutları və inkişaf etmiş infrastrukturu baxımından digər əyalətlərdən fərqləndiyini bildirirlər.
Onların hesablamalarına görə, federal vergilərin ödənilməməsi və müstəqil dövlətin yaradılması ilə bağlı yeni xərclər nəzərə alınmaqla belə, Alberta hər il milyardlarla dollarlıq büdcə profisiti əldə edə bilər. Bu isə gələcəkdə fərdi vergilərin azaldılmasına imkan yarada bilər.
Bir sıra iqtisadçılar isə ayrılmanın əyalət üçün ciddi maliyyə və iqtisadi risklər yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Hökumətin sifarişi ilə hazırlanan hesabatlarda müstəqilliyə keçid prosesinin yüz milyardlarla dollara başa gələ biləcəyi qeyd olunur. Alberta Kanadanın milli borcunun bir hissəsini öz üzərinə götürməli olacağı təqdirdə isə əyalətin əhəmiyyətli borc yükü ilə üzləşə biləcəyi bildirilir.
Ekspertlər həmçinin uzunmüddətli siyasi və hüquqi qeyri-müəyyənliyin investisiyalara və ticarətə mənfi təsir göstərə biləcəyini vurğulayırlar. “Brexit” prosesini nümunə göstərən iqtisadçılar belə bir keçidin ev təsərrüfatlarının gəlirlərinin azalmasına və potensial olaraq on minlərlə iş yerinin itirilməsinə səbəb ola biləcəyini bildirirlər.
Kanadanın Baş naziri Mark Karni də Albertanın ayrılması prosesinin əyalət iqtisadiyyatına ciddi zərbə vura biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, oktyabrın 19-da Alberta sakinləri səsverməyə gedəcəklər. Referendumda əyalətin Kanadanın tərkibində qalıb-qalmaması məsələsi ilə yanaşı, gələcəkdə məcburi müstəqillik referendumunun keçirilib-keçirilməməsi də gündəmə gətiriləcək.
Beləliklə, səsvermə Albertanın gələcək siyasi statusu ilə yanaşı, əyalətin iqtisadi modelinin necə formalaşacağı ilə bağlı müzakirələrə də yeni istiqamət verə bilər.
Şəbnəm Mehdizadə