Məzmuna keç

“Ukrayna artıq müharibəni Rusiya ərazisinə keçirməyə başlayacaq” –

“Ukrayna artıq müharibəni Rusiya ərazisinə keçirməyə başlayacaq".

Bunu e-huquq.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Krım körpüsünün vurulmasından sonra yaranmış gərginliklə bağlı danışarkən deyib.

O bildirib ki, Ukraynanın Krım körpüsünü vurması Rusiyanı Kiyevi vurmağa sövq edib: "Hətta mülki insanlar da hədəf alınıb. Bunun da qarşılığı olacaq. Sən hansısa ölkənin ərazisini raket atəşinə tutursansa, anlamalısan ki, sənin ərazin də raket atəşinə tutulacaq. Ona görə də mən istisna etmirəm ki, Ukrayna Kiyevin raket atəşinə tutulmasına cavab olaraq Rusiyada başqa hərbi aksiyalar keçirsin. Ukrayna artıq müharibəni Rusiya ərazisinə keçirməyə başlayacaq. Bu da onun haqqıdır".

Politoloqun sözlərinə görə, müharibə getdikcə daha geniş miqyas alacaq: "Onsuz da Ukrayna əvvəl də deyirdi ki, Krım körpüsü Krım ilhaq ediləndən sonra qanunsuz tikilib və onların hədəfindədir. Hədəf vuruldu. Ona görə də Rusiya da cavab addımları həyata keçirir və bütün bunlar müharibənin miqyasının artmasına gətirib çıxaracaq".

Rəşid Qarayev