NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi dəstəyin artırılması barədə çağırış edib.
E-huquq.az xəbər verir ki, baş katib bu barədə Dünya İqtisadi Forumu (DİF) çərçivəsində təşkil olunan sülh və təhlükəsizliyin təmin olunması mövzusunda paneldə çıxış edərkən bildirib.
O, Rusiyanın müharibədə qalib gəldiyi halda, dünyanı çox təhlükəli vəziyyətin gözlədiyini deyib.
"Müharibənin sülh yolu ilə həllini istəyiriksə, Ukraynaya hərbi dəstək verməliyik. Bu, yeganə yoldur. Sülhə gedən yol silahdan keçir. Bu, paradoks kimi görünə bilər, lakin danışıqlar yolu ilə razılığa gəlməyin yeganə yolu Putini müharibədə uduzacağına inandırmaqdır. Bunu müzakirə etmək lazımdır. Müharibənin necə bitəcəyini heç kim bilmir, amma çox güman ki, danışıqlar masası ətrafında bitəcək. Əmin olduğumuz bir şey var ki, danışıqlar masasında baş verənlər tamamilə döyüş meydanındakı gücdən asılıdır”, – deyə Stoltenberq qeyd edib.
Baş katib Ukraynaya təcili olaraq daha çox yardım göstərilməsinə ehtiyac olduğunu qeyd edib: "Rusiyanı ciddi qəbul etməmək çox təhlükəlidir. İndi daha 200 min əsgər səfərbər edirlər. Putin minlərlə gənc rus əsgərini qurban vermək istəyir. Onlar yeni hücumlar planlaşdırırlar".
Xəyalə Bünyatova
