- 08:07
Yanvarın 29-da İranın müxtəlif bölgələrinə hava hücumunun olduğu bildirildi. Bundan sonra KİV-də İsrailin İran daxilində əməliyyat keçirdiyi barədə məlumat yayıldı. Əməliyyatın Qüdsdəki terror hücumlarına cavab olduğu və İran-İsrail müharibəsinin başlayacağı barədə iddialar səsləndirildi.
Politoloq Elxan Şahinoğlu e-huquq.az-a açıqlamasında səslənən iddialara münasibət bildirib.
"İsraildə baş verən terror aktından sonra çox güman ki, hadisədə "İran izləri" aşkar edilib və İsrail İranı cəzalandırmaq qərarını verib. Ona görə də iRan ərazisinə dronlarla zərbələr endirib", - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər və bunun iki səbəbi var: "Birinci səbəb İranın nüvə çalışmalarını davam etdirməsi, ikincisi isə İranın bölgədəki terrorçu qruplaşmalarını silahlandırmasıdır. Bunların hər ikisi İsrail üçün təhdiddir. Çünki İran nüvə silahı əldə edərsə, birinci hədəf kimi İsraili götürə bilər. İranın maliyyələşdirdiyi terrorçu qruplar da məhz İsraili hədəf götürüblər".
Politoloq bölgədə gərgin mərhələnin başlayacağını bildirib.
"Böyük ehtimalla İrana edilən son hava hücumları ABŞ-la razılaşdırılıb. Çünki ABŞ Prezidenti və dövlət katibi də son günlər İrana qarşı zərbələr endirəcəklərini istisna etmirdilər. Artıq bölgədə gərgin mərhələyə qədəm qoyuruq. Yəqin ki, İran da cavab olaraq nəsə bir addım atmağa, maliyyələşdirdiyi silahlı qrupları hərəkətə gətirməyə çalışacaq", - deyə E.Şahinoğlu qeyd edib.
Eltac Nurullazadə