Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Böyük Britaniyayanın Baş naziri Rişi Sunakla görüşüb.
“Ukraynanın suverenliyi olmadan Avropanın təhlükəsizliyinə nail olmaq mümkün deyil”, – deyə Sunak Zelenski ilə görüşündə bildirib.
Zelenskinin səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün “London Bəyannaməsi” imzalanıb.
Bəyannamədə Böyük Britaniyanın Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərini dəyişməz şəkildə dəstəkləməyə davam edəcəyi bildirilib. Həmçinin Ukraynanın NATO-ya üzvlüyü də daxil olmaqla öz təhlükəsizliyini təmin etmək cəhdinin dəstəklənəcəyi vurğulanıb. Eyni zamanda Ukraynaya hərbi dəstəyin davam edəcəyi, Böyük Britaniyanın 1200 Rusiya vətəndaşına və 120 təşkilata qarşı sanksiya tətbiq etdiyi, Rusiya iqtisadiyyatının əsas sektorlarına, ölkə və ölkədən kənarda müharibəni dəstəkləyən və ya qazanc əldə edənlərə qarşı yeni sanksiyaların tətbiq ediləcəyi bildirilib. Bəyannamədə həmçinin "taxıl sazişi"nə də toxunulub. Ukrayna taxılının dünya bazarlarına çıxmasını təmin etmək üçün birlikdə çalışmağın vacibliyi qeyd olunub.
“Ukrayna Silahlı Qüvvələri təkcə öz ərazisini deyil, həm də bizim ümumi dəyərlərimizi və beynəlxalq hüququn əsas prinsiplərini təşkil edən BMT Nizamnaməsini qoruyur. Ölkələrimiz Rusiyanın "təsir etmək" iddiasını və sərhədləri güc yolu ilə dəyişdirmək addımlarını rədd edir. Biz suverenlik və öz müqəddəratını təyinetmə dəyərlərini müdafiə edirik. Rusiyanın törətdiyi vəhşiliklərin bir daha təkrarlanmamasını təmin etmək əzmini bölüşürük”, – deyə bəyannamədə bildirilib.
Lalə Salmanova
