"Zəlzələdən zərərçəkmiş 10 vilayətdə 16 min vəkil həmkarımız var. Zəlzələ nəticəsində təxminən 10 mindən çox həmkarımızın ofis və evləri zərər görüb".
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Türkiyədə yaşayan təxminən hər 15 vəkildən 1-nin zəlzələdən zərər görməsi deməkdir.
Sədr bildirib ki, Kollegiya olaraq zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində əllərindən gələni etməyə çalışırlar: "İlk olaraq peşə həmrəylik şəbəkəsi yaratdıq. Bu yolla biz zəlzələnin miqyası haqqında tam məlumatımız olmasa da, telefon xətti ilə çatması mümkün olan təcili yardım şəbəkəsini yaratdıq. Ədliyyə Nazirliyi, Hakimlər və Prokurorlar Şurasının rəsmiləri ilə çoxsaylı görüşlər, danışıqlar həyata keçirdik. Ortaya çıxa biləcək hüquqi və peşə fəaliyyəti ilə bağlı problemlərin həlli yollarını təklif etdik. Həmkarlarımıza Sosial Yardım və Həmrəylik Fondu çərçivəsində yardımlarımızdan faydalana biləcəklərini xatırlatdıq. Dağıntılar altında qalan vəkillər barədə məlumatların əldə edilməsi üçün xüsusi çağrı mərkəzi yaratdıq. Yaradılan mərkəz həm də zəlzələ bölgəsində yer tapa bilməyən həmkarlarımız və onların yaxınlarına sığınacaq təşkil etmək kampaniyası üçün istifadə edildi. Bu çərçivədə 1311 həmkarımız evlərinin qapısını aça biləcəklərini bildirdi. Hazırda 855 vəkil və onların qohumları qonaq edilib. Bundan əlavə, 700-dən çox vəkil və onların yaxınları müxtəlif qonaq evlərində, xüsusilə Kollegiyaya məxsus “Litai Qonaq Evi”ndə yerləşdirilib. Həmrəylik nümayiş etdirib evlərini həmkarlarına və onların yaxınlarına açan bütün təşəkkür edirəm".
Lalə Salmanova
