Türkiyədə baş verən güclü zəlzələdən sonra bir sıra bölgələrdə kirayə ev qiymətləri süni şəkildə artırılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Koordinasiya Mərkəzinin iclasında danışıb.
O deyib ki, zəlzələ bölgəsindən insanların başqa şəhərlərə üz tutması kirayə evlərə təlabatı artırıb və bu da bəzi şəxslərin vəziyyətdən sui-istifadə etməsinə gətirib çıxarıb.
B.Bozdağın sözlərinə görə, vətəndaşlardan daxil olan şikayətlər əsasında kirayə qiymətlərini süni şəkildə artıranlarla bağlı araşdırmalar aparılır və bu istiqamətdə qanun çərçivəsində bütün lazımi tədbirlər görüləcək.
Nazir onu da bildirib ki, cəmiyyətdə dağılan binalara görə yalnız tikintini həyata keçirən şirkətlərin məsul şəxslərinin məsuliyyətə cəlb olunması kimi yanlış fikir var: "Bu doğru deyil. Həqiqət ondan ibarətdir ki, binanın təməli qoyulandan işlər tamamlanana qədərki prosesdə əməyi olan hər kəs barədə araşdırma aparılır. Tikintiyə icazə verən şəxsdən fəhləsinə, elektrikinə, dəmiçisinə qədər kəs bu işə daxildir. Bütün bunlar vaxt aparacaq. Araşdırmaların sonunda ekspertiza rəylərinə əsasən kimin nə dərəcədə təqsirkar olduğu müəyyənləşəcək və müvafiq tədbirlər görüləcək".
Lalə Salmanova
