Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib.
E-huquq.az xəbər verir ki, Prezident xalqa müraciəti zamanı qeyd edib ki, qanun qəbul olunsa, ona veto qoyacaq:
“Bu gecə Rustaveli üzərində dayananlara müraciət edirəm. Mən Nyu-Yorkda, arxamda Azadlıq Heykəli ilə dayanmışam. Azadlıq Gürcüstanın həmişə uğrunda mübarizə apardığı simvoludur. Mən sizin yanınızdayam. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz".
***
Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
"Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək", – administrasiyanın bəyanatında deyilir.
Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.
Mənbə: Report
