Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan sahibkarları zəlzələdən zərər çəkən insanlara dəstək olmağa çağırıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətində bildirib.
O qeyd edib ki, fevral ayının 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 11 vilayətə ciddi dağıntılara səbəb olub. Təbi fəlakət 14 milyondan çox insana zərər vurub. 48 mindən çox insanın həyatını itirdiyi bu zəlzələlərdə ölkə iqtisadiyyatı ağır xəsarət alıb.
Ərdoğan, həmçinin bir il ərzində dağıdılan bütün şəhərləri bərpa etməyi hədəflədiklərini vurğulayıb və bu prosesdə dövlət qurumları ilə yanaşı, sahibkarların da mühüm vəzifə və məsuliyyətlərinin olduğuna diqqət çəkib: "Sahibkarlarımızdan iş yerlərini, gəlir qaynaqlarını qorumalarını, zəlzələdən zərərçəkənlərimiz üçün əllərində olan bütün imkanları səfərbər etmələrini gözləyirik. İnanıram ki, dövlət və millət olaraq əl-ələ verib bu ağır sınaqdan üzü ağ çıxacağıq”.
Eltac Nurullazadə
