Məzmuna keç

Hatayda vəkillər üçün modul tipli ofislər qurulur

Hatayda zəlzələ nəticəsində ofisləri dağılan və ya ciddi ziyan görən vəkillər modul tipli ofislərdə fəaliyyətə başlayacaq.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hatay Vəkillər Kollegiyası ölkənin Daxili İşlər Nazirliyi və Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi ilə anlaşma memorandumu imzalayıb.

Anlaşma çərçivəsində müvafiq nazirliklərin təqdim etdiyi layihəyə uyğun olaraq, Antakyanın Saraykent rayonunda hər biri 26 kvadratmetrdən ibarət 105 modul tipli ofis hazırlanıb. Ofislərin bir həftə ərzində təhvil verilməsi planlaşdırılır.

Hatay Vəkillər Kollegiyasının sədr müavini Hatay Tut bildirib ki, hər otağa 3 vəkilin yerləşdirilməsi nəzərdə tutulur: “Vəkillərin öz işlərini layiqincə yerinə yetirmələri üçün böyük imkan yaranacaq. Hazırda vəkillərin ərizə yazması üçün nə ofis, nə qapalı sahə, nə kompüter, nə arxiv qalıb. Ona görə də bura təbii ki, vəkillər üçün gəlir əldə etmək, dolanmaq, iş görmək üçün gözəl fürsət olacaq. Ona görə də bizim üçün həyati əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.

Şəbnəm Mehdizadə