"Rusiya işğalçıları mayın 16-da səhər tezdən Ukraynanın paytaxtına səkkizinci kütləvi hücumu həyata keçirdilər. Çox qısa müddət ərzində çoxlu sayda raketlər atıldı".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko deyib.
"Düşmən bu dəfə PUA-lardan, qanadlı raketlərdən və yəqin ki, ballistik raketlərdən istifadə etməklə eyni vaxtda müxtəlif istiqamətlərdən kompleks hücum həyata keçirdi", – o bildirib.
Administrasiyanın ilkin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Kiyevin hava məkanında düşmən hədəflərinin böyük əksəriyyətini aşkar edərək məhv edib. Hücumdan sonra Solomenski, Şevçenkovski, Svyatoşinski, Obolonski və Darnitski rayonlarında dağıntılar qeydə alınıb.
"Ən böyük zərər Solomenski rayonunda olub – qeyri-yaşayış binasında və bir neçə avtomobil texnikasında yanğın olub. Yanğın aradan qaldırılıb. Digər ərazilərdə dəymiş ziyan o qədər də böyük deyil", – Sergey Popko qeyd edib.
Onun sözlərinə görə, zərərçəkənlər barədə məlumat yoxdur.
Şəbnəm Mehdizadə
