Məzmuna keç

BMT: 43 ölkədə 1 milyard insan vəba təhlükəsi ilə üz-üzədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı birgə açıqlamada bir çox ölkənin vəba epidemiyası ilə üz-üzə olduğu bildirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada, yoluxma halların sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu qeyd olunub.

Vurğulanıb ki, 43 ölkədə bir milyard insan vəba təhlükəsi ilə üz-üzədir və xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu risk daha yüksəkdir.

Qeyd olunub ki, vəbadan ölüm halları həyəcanverici səviyyədə artıb. Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olub. Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyalar Cənub-Şərqi Afrikaya ciddi şəkildə təsir edib. Bu ilin fevral və mart aylarında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkün olmasına və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub. Buna görə də leysan yağışlar və daşqınlar bölgədə vəba riskini artırıb.

ÜST yoluxmanın daha çox arta biləcəyini proqnozlaşdırır. Qurum 2025-ci ilə qədər peyvənd dozalarının ikiqat artırmalı olduğunu bildirir.

Şəbnəm Mehdizadə