Məzmuna keç

BMT: Sudandakı qarşıdurmalara görə 300 mindən çox insan ölkəni tərk edib

Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalara görə 300 mindən çox insan ölkəni tərk edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi "Twitter" səhifəsindəki paylaşımda bildirib.

O, münaqişə səbəbindən Sudanı tərk edənlərin qonşu ölkələrə sığındığını açıqlayıb. F.Qrandinin sözlərinə görə, xeyli sayda insan son bir neçə gündə Çad və Misirlə sərhəddi keçib.

Ali Komissar, həmçinin qaçqınları qəbul edən ölkələrə dəstək olmaq üçün təcili olaraq daha çox yardıma ehtiyac olduğunu söyləyib.

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Münaqişə səbəbindən 863 mülki şəxs həlak olub, 3531 nəfər isə yaralanıb. Mayın 22-də tərəflər arasında bir həftəlik humanitar atəşkəs elan olunması barədə razılıq əldə olunub.

Şəbnəm Mehdizadə