Kostitusiya Məhkəməsinin sədri Həmkarlar İttifaqı Komitəsinin iclasında çıxış edib
Konstitusiya Məhkəməsi Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdən sonra Həmkarlar İttifaqı Təşkilatlarının inkişafında yeni mərhələyə qədəm qoyulduğunu, ulu öndər Heydər Əliyevin vətəndaşların qanuni mənafeyini, əmək hüquqlarını qoruyan, sosial problemlərin həllində mühüm rol oynayan bu təşkilatlara diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasətin davam etdirildiyi, ölkə əhalisinin rifahının yaxşılaşdırıldığı, məşğulluq probleminin həllində bir sıra addımlar atıldığı, eyni zamanda aztəminatlı ailələrin sosial müdafiə mexanizminin gücləndirildiyi, sosial infrastrukturun yaradılması istiqamətində bir sıra genişmiqyaslı tədbirlərin həyata keçirildiyi nəzərə çatdırmışdır.
Daha sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov çıxış edərək, Konfederasiyanın sədri Səttar Möhbalıyevin iclas iştirakçılarına salamlarını çatdırıb və İttifaqın Konstitusiya Məhkəməsi Həmkarlar İttifaqı Komitəsi ilə birgə fəaliyyəti barədə məlumat verib. O, ötən dövr ərzində əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərə nəzər yetirib və gələcəkdə bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Konstitusiya Məhkəməsinin Sədri iclasda Məhkəmə ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının səmərəli fəaliyyətini qeyd edərək, görülən tədbirlərə toxunub, Konstitusiya Məhkəməsi Həmkarlar İttifaqı Komitəsinin tərkibinin dəyişilməsi, tərkibə yeni üzvlərin və sədrin seçilməsi ilə bağlı irəli sürülən məsələyə baxmağı təklif edib.
Təkliflər səsə qoyularaq yekdilliklə qəbul edilib.
Sədr Fərhad Abdullayev iclasa yekun vuraraq Konstitusiya Məhkəməsi Həmkarlar İttifaqı Komitəsinin gələcək fəaliyyətində uğurlar arzulayıb.

