- 17:46
Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a bildirilib ki, Fidan Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.
***
20:30
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Çaylı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 1993-cü il təvəllüdlü Rüstəmova Aytac Faiq qızının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
19:40
27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən e-huquq.az-a bildirilib ki, hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
19:30
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.