Avtomobil kanala düşdü, xəsarət alanlar var - VİDEO


  • 8 Yanvar 09:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Oxşar xəbərlər