- 10:46
Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
E-huquq.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edilib.
FHN rəsmisi bildirib ki, bina taxta konstruksiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub:
"Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub".
***
Bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.