Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.
E-huquq.az APA-ya istinadən xəbər verir ki, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər. Avtomobilə baxış keçirən polis oradan odlu silah tapmasa da, bəzi soyuq silah və küt alət aşkarlayıb.
Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə başqa bir nəfər də olub. Ancaq o, hadisədən sonra düşərək Gülüstan qəsəbəsi istiqamətində qaçıb. Hazırda polis həmin şəxsin axtarışlarını aparır.
Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.
***20:22
Bakının Binəqədi rayonunda atışma olub.
E-huquq.az xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi rayon polisindən məlumat verilib. Bildirilib ki, kriminal aləmin nümayəndəsini Bakının ortasında öz avtomobilində güllələyiblər.
Verilən məlumata görə, Binəqədi rayonunda “Favorit” supermarketinin yanında atışma olub və bir nəfər odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Əlavə məlumat veriləcək.
