SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqladı - YENİLƏNDİ


  • 7 Avqust 2020 23:30

720 mm-lik diametri olan Qalmaz-Qazimməməd 2 xətt qaz kəmərinin 23-cü km-də saat 20:55 radələrində qəza hadisəsi baş verib.

Bu barədə e-huquq.az-a SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib: "Qaz kəməri 1975-ci ildə istismara verilib.

Bu kəmər daxili paylama sistemində işləyir.

Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb, xətti kranlar her iki tərəfdən baglanıb, şam kranları açılıb, alov demək olar ki, söndürülüb.

Hadisə nəticəsində Respublikanın heç bir yerində məhdudiyyətlər olmayıb, qaz təchizatında fasilələr gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur".

***

22:52

Hacıqabul rayonunda Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus qaz kəmərlərindən birində partlayış baş verib.

Bu barədə e-huquq.az-a SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov qeyd edib ki, partlayış yaşayış məntəqələrindən uzaq bir ərazidə baş verib. Buna görə də əhali üçün heç bir təhlükə yoxdur və zərərçəkən də yoxdur:

"Bu, bizim əsas qaz boru kəmərlərimizdən biridir. Onun "Qalmaz" yeraltı anbarına bağlı bir qaz boru kəməri olduğu ehtimal edilir".

SOCAR rəsmisi bildirib ki, boru kəməri özü artıq bağlanıb, qaz artıq oraya daxil olmur:

"Boru içərisində qalan qaz bitəndən sonra yanğın müvafiq olaraq dayandırılacaq. Partlayışın səbəbi hələlik bizə məlum deyil. Güman edilir ki, bu, qaz sızmasına və partlayışa səbəb olan korroziyadır"

Oxşar xəbərlər