Məzmuna keç

Ötən il ərzində 29 vəkilə xəbərdarlıq edilib – STATİSTİKA

"2018-ci il ərzində dövlət orqanlarından daxil olmuş 33 şikayətin heç biri vəkilin səlahiyyətlərinə xitam verilməsi ilə nəticələnməyib".

E-huquq.az-ın xəbərinə görə, bunu vəkil Cabbar Bayramov özünün "facebook" səhifəsində yazıb.

O qeyd edib ki, dövlət orqanlarının şikayəti əsasında vəkillərin kütləvi uzaqlaşdırılmasını eşitməyib: "Həmkarım Adəm Məmmədovun paylaşımından, Penitensiar Xidmətinin vəkil Fariz Namazlı barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etməsi haqqında məlumatı oxudum. Paylaşımda həmçinin qeyd edilirdi ki, son vaxtlar hüquq-mühafizə orqanlarının şikayəti əsasında vəkillərin səlahiyyətlərinə xitam verilməsi praktikası geniş yayılmışdır. Doğrusu, bir vəkil olaraq məsələ məni narahat etdi. Əgər doğrudan da, qanuni səlahiyyətlərini icra edən vəkilin səlahiyyətlərinə xitam verilməsinə nail olmaq hüquq mühafizə orqanları üçün bu qədər asandırsa, onda hüquqi müdafiənin perspektivindən danışmağa belə dəyməz.

Hər halda, hüquqşünasın məsələyə qiymət verməsi üçün araşdırma aparması zəruridir".

C. Bayramov vəkillərin barəsində şikayətlər və tətbiq edilmiş intizam tənbehləri barədə məlumat almaq üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etdiyini deyib: "Təəccübümə rəğmən, çox gözləmədən 2018-ci il üzrə statistik məlumat mənə təqdim edildi. Qeyri-hüquqşünas dostlarımın çoxu üçün maraqlı olmaya bilər, amma vəkillər və vəkil olmaq istəyən hüquqşünaslar üçün maraqlı rəqəmlərdir. Demək, 2018-ci il ərzində vəkillər barədə cəmi 274 şikayət verilmişdir. 33 şikayət dövlət orqanlarından, 14 şikayət qeyri-dövlət təşkilatlarından və 227 şikayət vətəndaşlardan daxil olmuşdur. Bu şikayətlər araşdırılarkən 66 halda vəkil tərəfindən icra intizamının və prosessual qaydaların pozuntusuna yol verilməsi müəyyən edilmiş, 29 vəkilə xəbərdarlıq edilmiş, 9 vəkilə irad bildirilmiş, 15 vəkilə töhmət verilmiş, 12 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılmış və 6 vəkilin VK üzvlüyündən çıxarılması ilə bağlı məhkəməyə müraicət olunmuşdur. Sonunculardan 5 nəfəri üzvlük haqqını uzun müddət ərzində (6 aydan çox) ödəmədiyi üçün, 1 nəfər isə vətəndaş şikayəti əsasında VK üzvlüyündən çıxarılmışdır. Dövlət orqanlarının şikayəti əsasında VK üzvlüyündən çıxarılması halı isə mövcud deyil. Yəni, 2018-ci il ərzində dövlət orqanlarından daxil olmuş 33 şikayətin heç biri, vəkilin səlahiyyətlərinə xitam verilməsi ilə nəticələnməmişdir.

Beləliklə, vəkillər barəsində edilmiş 274 şikayət əsasında 37 intizam tənbehi tədbiri görülmüşdür(qanunvericiliyə görə xəbədarlıq intizam tənbehi sayılmır). Statistika dəhşətli deyil, normaldır. Müqayisə üçün, vaxtilə çalışdığım Vergilər Nazirliyində, əməkdaşların az qala yarısı töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdı. Hətta, intizam tənbehi almayan əməkdaşa zarafatla “sən işləyə bilmirsən” deyirdilər. Ötən ilin dekabr ayında “Park Bulvar” oteldə təşkil olunmuş İkinci Avrasiya Hüquq Qurultayında, Ukraynadan olan həmkarımız öz ölkəsində olan vəziyyət barədə məruzə edərkən, bəzi hallarda vəkilin ofisində axtarış aparıldığını qeyd etdi. Mən dəhşətə gəlmişdim. Azərbaycan Respublikasının qanunvericiliyinə görə bu məlumatlar (vəkilin iş otağında, çantasında olan sənədlər və digər məlumat daşıyıcıları) vəkil sirrini təşkil edir. Həm Rusiya, həm Ukrayna, həm də Gürcüstan qanunvericiliyinə görə Vəkillərin yuxarı təşkilatı öz qərarı ilə vəkili üzvlükdən çıxarmaq səlahiyyətinə malikdir. Bizdə isə bu məsələ məhkəmənin səlahiyyətindədir. Həmçinin, iştirak etdiyim konfranslarda aldığım məlumatlara görə, əksər ölkələrdə vəkil qurumları ədliyyə nazirliyinin strukturu kimi fəaliyyət göstərir. Bizdə isə bu məsələ daha demokratikdir. Hələ !999-cu ildə, Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Vəkillər Kollegiyası dövlət orqanlarından ayrılaraq müstəqil təşkilat oldu. Hal-hazırda da, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vəkillər tərəfindən təsis edilmiş müstəqil, qeyri-dövlət qurumudur.

Bütün göstərilənlərə baxmayaraq, dövlət orqanlarının vəkillərə qarşı mövqeyinin birmənalı olmadığını özüm də müşahidə etmişəm. Başa düşüləndir. Çünki, vəkil müdafiə tərəfinə, hüquq mühafizə orqanının vəzifəli şəxsləri isə ittiham tərəfinə aiddirlər. Şəxsən öz iştirakımla belə hallar baş verməsə də, Kollegiya tərəfindən vəkilin haqlı mövqeyinin müdafiə olunduğunu həmkarlarımdan dəfələrlə eşitmişəm və üzvü olduğum Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə qürur duymuşam!".