Məzmuna keç

Ermənilər Kəlbəcərdə məktəbləri yandırır –

Ermənistan işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunu vandalizm aktları törədərək boşaldır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən erməni əhalisi azərbaycanlılara məxsus evlərdə yaşayıb.

E-huquq.az xəbər verir ki, indi rayonu tərk edərkən həmin evlərlə yanaşı, məktəbləri də yandırırlar. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz təsdiqini tapır.

Ermənistan mətbuatında Kəlbəcəri tərk edən məktəb direktorunun məqsədli şəkildə məktəb binasını yandırmasının fəxrlə vurğulanması da onların növbəti vandallıq aktlarının sübutudur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya dövlətlərini, beynəlxalq təşkilatları təcavüzkar Ermənistanın vandalism aktlarının qarşısının alınmasına çağırır.

Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin "dəstəkçilərindən" biri kimi təqdim edən Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə görə məsuliyyət daşıyır.