Məzmuna keç

Zaqatalada intihar edən 17 yaşlı qızın valideynlərini hansı cəza gözləyir?

Zaqatalada 17 yaşlı qızın intiharı ilə bağlı xəbər geniş müzakirələrə səbəb olub

Zaqatalada 17 yaşlı qızın intiharı ilə bağlı xəbər geniş müzakirələrə səbəb olub. Belə ki, nişanından bir gün öncə canına qəsd edən qızın intihar səbəbi kimi sevmədiyi şəxslə ailə qurmağa məcbur edilməsi göstərilir. Valideynləri tərəfindən zorla ailə qurmağa məcbur edilən gənc qızlar təəssüf ki, bəzi hallarda çıxış yolu kimi intihara əl atır. Cəmiyyətdə böyük narazılıqla qarşılanan belə halların qarşısının alınması üçün həmin valideynlərin cəzalandırılması kimi təkliflər səsləndirilir. Bəs qanun bu haqda nə deyir?

Vəkil Bəxtiyar Hacıyev e-huquq.az-a açıqlamasında bildirib ki, bu kimi hallara qarşı qanunvericilikdə cəza tədbirləri mövcuddur. Onun sözlərinə görə, təqsiri sübuta yetirildiyi halda valideynləri 3 ildən 7 ilədək həbs cəzası gözləyə bilər: “Əvvəla, valideynlərin təqsirli olub-olmadığı müəyyənləşdirilməlidir. Bunun üçün hər iki valideynin ayrı-ayrılıqda ifadələri alınmalı və istintaq orqanı trəfindən üzləşdirilməlidir. Eyni zamanda telefon yazışmaları varsa, onlara baxılmalı, həmçinin şahid ifadələri alınmalıdır. Bütün bunlar vasitəsilə valideynlərin təqsirli olub olmadığını-müəyyənləşdirmək mümkündür. Əgər onlar həqiqətən də övladlarına psixoloji təsir göstəriblərsə və o, stress nəticəsində intihar edibsə, bu halda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə əsasən, valideynləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir”.

Xatırladaq ki, iyunun 30-da Zaqatala rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. Məlumata görə, 17 yaşlı qızın nişanı olacaqmış.

Xəyalə Bünyatova