Baş Prokurorluq məlumat yaydı


  • 6 Avqust 11:28

Cari il iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş prokuror Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməklə bu cinayətin təşkil olunmasında, o cümlədən törədilməsində biləvasitə iştirak etmiş şəxslər istintaqa cəlb edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri təmin ediləcək.

Bununla yanaşı qeyd edilməlidir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin həyata keçirilən prosessual hərəkətlər zamanı guya hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluq tərəfindən diqqətə çatdırılır ki, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilib və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib.

Bir daha qeyd edilir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir və istintaqın obyektiv gedişatına təzyiq göstərilməsi kimi qiymətləndirilir.

Oxşar xəbərlər