22.10.2026
Hərbi Prokuror: “İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi Azərbaycanın dünya dövlətləri sırasında mövqeyini gücləndirib”
Hüquq-mühafizə orqanları

Hərbi Prokuror: “İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi Azərbaycanın dünya dövlətləri sırasında mövqeyini gücləndirib”

Apr 30, 2019

Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə əlaqədar “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, tədbir iştirakçıları – Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, üzvü Bəhrəm Zahidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, sədr müavini Vahid Abudurəhmanov və Hərbi Prokurorluğun rəhbər vəzifəli işçiləri əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə olan dərin ehtiramlarını bildiriblər.

Konfrans başlamamışdan öncə ümummilli liderin müqəddəs ruhu sükutla yad edilib. Ardınca konfransı açıq elan etməklə, çıxışına başlayan Hərbi prokuror Xanlar Vəliyev fövqəlbəşər Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin qurulması və formalaşdırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açaraq, ulu öndərin müəyyən etdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunmuş böyük nailiyyətləri diqqətə çatdırıb.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, bir qərinədən də çox zaman kəsiyində ölkəmizin rəhbəri olmuş ümummilli lider Heydər Əliyev təkcə qeyd olunan dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərməklə, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız, əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünü təsdiq etmiş, müstəqil dövlətdə suveren yaşamağı və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birinin də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğunun təşkil etdiyini vurğulayan Xanlar Vəliyev bildirib ki, 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər ölkəmizdə SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsini, həmin zavodlarda o dövrün ən müasir texnologiyaları tətbiq olunmaqla keyfiyyətli hərbi sənaye məhsulların istehsalını, milli hərbi kadrların hazırlanmasını və bu sahədə digər zəruri tədbirlərin görülməsini təmin etməklə, müstəqillik əldə olunmasından illər öncə ilkin milli hərbi bazanın ən yüksək səviyyədə təşkilinə nail olub.

Xanlar Vəliyev qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüzün, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin, habelə ölkə daxilində siyasi çəkişmələrin mövcud olduğu, vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə, 1993-cü ildə xalqın israrlı çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq, dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas etməklə, Azərbaycanı keçmiş Sovetlər Birliyindən miras qalmış rejimdən çıxararaq, ölkəmizin güclü iqtisadiyyatı və Silahlı Qüvvələri olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub.

Azərbaycan xalqının ən parlaq şəxsiyyətlərinin fövqündə dayanan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik siyasəti, mükəmməl rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən, ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsindən, dövlətimizin daha da qüdrətlənməsindən bəhs edən Xanlar Vəliyev bildirib ki, Azərbaycan qeyd olunan dövrdə misli görünməmiş uğurlar əldə edib, ölkənin müasirləşməsi sahəsində möhtəşəm layihələr icra olunub, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətli inkişaf etdirilib, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılıb. Hərbi prokuror həmçinin qeyd edib ki, ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla, dünya dövlətləri sırasında mövqeyini də gücləndirib. Ulu öndər Heydər Əliyevin mükəmməl ordu quruculuğu strategiyasının müdrik lider İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilməsi nəticəsində maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah və digər hərbi texnika ilə zənginləşdirib, şəxsi heyəti dərin nəzəri biliklərə və peşəkar vərdişlərə malik hərbçilərdən komplektləşdirilib.