Xanlar Vəliyev: “Hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə azalıb”
“2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavodun yaradılıb, bu zavodlarda istehsal olunan 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların hesabına ordumuzun potensialının gücləndirilib”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə əlaqədar “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərkən deyib.
Hərbi prokuror Silahlı Qüvvələrimizin qüdrətini və nəyə qadir olduğunu sübut edən 2016-cı ilin “aprel” və 2018-ci ilin “may” döyüşlərindən, həmçinin yüksək səviyyədə keçirilən möhtəşəm paradlardan bəhs edib.
Onun sözlərinə görə, ötən ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər fərqli illərlə müqayisəli təhlili aparılarkən məlum olub ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 1000 dəfə; tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2007-ci illə müqayisədə 2 dəfə; hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə 2 dəfə; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7%; hakimiyyətdən sui-istifadə etmə 1998-ci illə müqayisədə 36,0 %; qulluğa səhlənkar yanaşma cinayətləri 1998-ci illə müqayisədə 51,4 %; qeyri-hərbi cinayətlər 1998-ci illə müqayisədə 10,2%, 1998-ci illə müqayisədə qəsdən adam öldürmə cinayətləri 5 dəfə və özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.

