Bakı Şəhər Baş Polis İdarəsi paytaxda Dövlət Yol Polisi əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörütü ilə bağlı açıqlama verib.
İdarənin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev e-huquq.az-a bildirib ki, hazırda həmin görüntü ilə bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov küçəsində polis əməkdaşı sürücünü cərimə yazmaq üçün saxlayıb. Daha sonra sürücü polis avtomobilinə əyləşib, digər polis əməkdaşı ilə nəsə danışıb. İddia olunur ki, polis əməkdaşları cərimə yazmaq əvəzinə rüşvət alıb və sürücünü yola salıb.
