Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi müzakirə olunub
Penitensiar xidmətin Baş idarəsində “Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqəti Qaydalar”ın icrası ilə əlaqədar aprel ayı ərzində Penitensiar müəssisələrdə keçirilmiş iclasların müzakirəsi məqsədilə Komissiyanın növbəti iclası keçirilib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, iclasda cəzaçəkmə müəssisələrində alt komissiyaların qəbul etdikləri müxtəlif protokollarla bağlı müəssisə rəislərinin verdikləri şikayətlər, həmçinin komissiya sədrinin alt komissiyanın qərarı ilə razılaşmadığı üçün üst komissiyaya çıxarılan protokollar müzakirə edilib. Eyni zamanda qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, komissiyanın işinin təkmilləşdirilməsi üçün Qaydalara əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər paketinin hazırlanaraq rəhbərliyə təqdim edilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

