Məzmuna keç

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu təkmilləşdiriləcək

"2019-cu il məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qalıb. 3 aprel 2019-cu il tarixdə dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub".

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən əməliyyat müşavirəsində deyib.

O bildirib ki, sözügedən Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində verilmiş tapşırıqların icrası çərçivəsində müvafiq qanun layihələri artıq hazırlanaraq təqdim edilib: "Eləcə də, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsinin Baş Prokurorluğa tövsiyə edilməsi nəzərə alınaraq bu sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə “Elektron İttiham” proqramı Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanaraq istifadəyə verilib. Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi növbəti mərhələdə dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin daha effektiv həyata keçirilməsinin təmin edilməsi üçün Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun təkmilləşdirilməsi məqsədilə tədbirlərin işlənib hazırlanması üçün müvafiq göstərişlər verilib".