- 16:50
Maştağa qəsəbəsində gəlnini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin oğlu Ağamöhsün Əliyev ifadə verib.
“Hadisə baş verən gün işdə idim. Gəlin böyük-kiçik saymırdı. Kişiyə ağır cavab qaytarıb, hörmətsizlik edib, o da məcbur olub onu vurmağa. Hadisəni törətdikdən sonra atam işlədiyim marketə gəldi, ailəni mənə əmanət edərək təslim olmağa gedəcəyini dedi. Qardaşım görmə və fiziki məhdudiyyətli idi, on il idi evlənmişdi. Gəlinin son iki- üç ildə xasiyyəti dəyişmişdi, davranışında çatışmazlıqlar yaranmışdı", - deyə o bildirib.
Təqsirləndirilən Ağanəbi Əliyev nalayiq hərəkət etdiyinə, onu söydüyünə görə gəlinini öldürdüyünü bildirib: "Həkim məsləhət görürdü ki, evləndirim oğlumu. Mən də xəstə oğluma, ailəmizə qulluq etsin deyə evləndirdim. Gəlin hərəkətləri, davranışı ilə ölməyə layiq idi ki, öldürdüm”.
Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmədə iştirak etməyib.
Məhkəmənin növbəti iclası 30 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə ittiham olunur. Hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi ehtimal olunur. Məlumata görə, D.Əliyeva mübahisə zamanı qayınatasını təhqir edib, bundan əsəbiləşən A.Əliyev onu qətlə yetirib Qətlə yetirilən qadının üç azyaşlı övladı olub.
Humay Eminqızı