- 15:34
Atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Mədinə Zülfüqarova 2 nömrəli Klinik Psixatriya Xəstəxanasının həkimi kimi fəaliyyət göstərdiyini və təqsirləndirilən şəxsin həmin xəstəxanada müalicə aldığını deyib: “Epilepsiya xəstəliyindən müalicə alıb, psixaloji problemləri var idi. Deyirdi atası ilə yola getmir. Tez-tez özündən çıxırdı. Anası deyirdi ki, oğlunu heç yerdə işə götürmürlər”.
Daha sonra təqsirləndirilən şəxsin anası Arzu Əmirova ifadə verib: “Biri oğlum, biri yoldaşımdır. Mən ana kimi deyirəm ki, oğlum epilepsiya və psixi problemlərdən əziyyət çəkir. Gözləyirdim oğlum bununla əlaqədar əlillik dərcəsi alsın, aliment borcunu ödəsin. Yoldaşım da əsəb xəstəsi idi. İçki içirdi, narkotik alüdəçisi idi. Şənbə günü səhər yoldaşım yuxudan oyandı. Mən də oyandım ki, yemək hazırlayım, hamımız ailəvi yeyək. Muradın atası səs yaradırdı, bərk öskürürdü. Murad səsə oyandı. Dedi ki, ata icazə ver, yataq. Daha sonra atası Muradı söydü. Oğlum da səsini yüksəltdi. Sonra atası çıxdı həyətə və dəmir parçası götürdü. Başladı oğlumun belinə vurmağa. Araya qarışdım, dedim ki, oğlumu vurma, qoy mənə dəysin dəmir. Daha sonra o Muradın başına dəmirlə vurdu. Dəli kimi oldu. Oğlumun başından qan axırdı. Çıxdı çölə, qapının ağzında bıçaqladı atasını. Bıçağı vurduğu anı mən görməmişəm. Səsə qonşular gəldi. Ərimi onlar maşına mindirib apardılar xəstəxanaya. Artıq xəstəxanada onun öldüyünü öyrəndim. Oğlumun ailəsi xəstəliyinə görə dağılmışdı. 2 qızı var, aliment verə bilmirdi”.
Təqsirləndirilən şəxs bildirib ki, övladlarının üzünə həsrət qalmağına atası səbəb olub. “Hadisə günü o məni vurandan sonra bu günə kimi olanlar gözümün önündən keçdi. Elə bil bir övladı var idi, mən yox idim”.
Daha sonra təqsirləndrilən şəxsin qonşusu və qohumu olan İmran Eyvazov ifadə verib: “Evimiz üzbəüzdür. Yaxşı ailə idi. Səhər 10 radələrində həyətimdə işləyirdim, səs eşitdim. Düşündüm ki, yəqin uşaqlardır. Sonra getdim əlimi yumağa. Qapı çırpıldı, çıxdım çölə və gördüm hər ikisi yerdədir. Murad atasının üzərində huşunu itirmişdi, onu kənara çəkdim. Kişini döndərəndə qarnında qan izləri gördüm. Təcili yardım gec gəldi deyə qonşular onu xəstəxanaya apardı. Muradı da mən “Semaşko”ya apardım”.
Təqsirləndirilən şəxsin vəkil vəsatətlə çıxış edərək təkrar psixaloji ekspertizanın keçirilməsini və Murad Əmirovun hadisə zamanı anlaqlı olub-olmadığının müəyyən edilməsini istəyib.
Dövlət ittihamçısı Babaxan Həsənəliyev vəsatətə etiraz edərək təmin edilməməsini təklif edib.
Məhkəmə ilk ekspertiza rəyini elan edilib.
Məlum olub ki, Murad Əmirov hadisəni törədərkən affekt vəziyyətində olmayıb. Ekspertiza onun xəstəliyini təsdiqləyib.
Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası 20 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.
M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Humay Eminqızı