"Bakı Arbitraj Mərkəzinin əsas məqsədi tərəflərə ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim etməkdir"


  • 10:06

"Bildiyiniz kimi, son illərdə ölkəmizdə məhkəmə-hüquq sahəsində mühün islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində ədalət mühakiməsinin müasirləşdirilməsi və alternativ mübahisə həlli mexanizmlərinin inkişafı istiqamətində böyük irəliləyişlər əldə olunub. Bu siyasətin məntiqi davamı kimi, bu gün Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Arbitraj Mərkəzinin və Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva deyib

O bildirib ki, bu münasibətlə keçirilən tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünasların bilik mübadiləsi, dövlət və özəl sektorda çalışan hüquqşünasların əməkdaşlığı, eləcə də ölkəmizdə arbitraj sektorunun müzakirəsi üçün dinamik platforma təşkil etməkdir.

K.Mehdiyevanın sözlərinə görə, tədbir çərçivəsində 7 panel müzakirə nəzərdə tutulur.

"Nəzərinizə çatdırım ki, Bakı Arbitraj Mərkəzinin əsas məqsədi Azərbaycan Respublikasının “Arbitraj haqqında” Qanununa müvafiq olaraq beynəlxalq arbitraj sahəsində fəaliyyət göstərmək və mübahisələrinin həlli üsulu kimi arbitrajı seçmiş tərəflərə ədalətli, şəffaf və səmərəli arbitraj xidmətləri təqdim etməkdir.

Bakı Arbitraj Mərkəzinin daimi arbitraj təşkilatı olaraq əsas funksiyası mübahisələrin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə xitam verilməsi məsələlərinin həlli, kargüzarlığın aparılması, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkilindən ibarətdir", - deyə o qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər