- 15:00
"Demokratik cəmiyyətdə ədalət yalnız bir yerə və ya bir quruma aid deyil. Bu, çoxsaylı qurumların və insanların ortaq səyi nəticəsində mümkün olur və hamısı bir əsas prinsipə - qanunun aliliyi prinsipinə xidmət edir. Məhkəmələr və arbitraj bir-birinə rəqib deyil. Onlar ədalətin tərəfdaşlarıdır. Hərəsinin fərqli rolu var, lakin məqsədləri eynidir: mübahisələri ədalətli şəkildə həll etmək və hüquqları səmərəli qorumaq".
E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Bakı Arbitraj Mərkəzinin açılış mərasimində deyib.
"Məşhur bir deyimdə deyildiyi kimi: Arbitraj ədalətdən qaçış deyil. O, eyni məqsədə aparan fərqli bir yoldur. Azərbaycanda bu fikir uzun illərdir ki, hüquqi və institusional islahatlarımızın əsasını təşkil edir", - deyə sədr qeyd edib.
O deyib ki, arbitraj mübahisələrin ədalətli, çevik və razılaşmalara hörmətlə yanaşaraq həllini təmin edir: "Bu gün ölkəmiz regionun aparıcı iqtisadiyyatlarından biri kimi tanınır, sabitlik, uzaqgörənlik və innovasiya ilə fərqlənir. Azərbaycan həm də enerji istehsalında əsas oyunçu və Şərqlə Qərbi birləşdirən mühüm ticarət mərkəzi kimi çıxış edir. Bu iqtisadi inkişafla yanaşı, biznes və investisiya münasibətləri də daha mürəkkəbləşir. Məhz buna görə də arbitraj inkişafımız üçün vacib əhəmiyyət kəsb edir. Arbitraj mübahisələrin ədalətli, çevik və razılaşmalara hörmətlə yanaşaraq həllini təmin edir. O, investor inamını gücləndirir, dayanıqlı inkişafı dəstəkləyir və beynəlxalq əməkdaşlığı təşviq edir".
İ.Kərimov qeyd edib ki, Azərbaycan arbitrajı təşviq edən əsas beynəlxalq sənədlərin, o cümlədən 1958-ci il Nyu-York Konvensiyasının iştirakçısıdır: "Lakin konvensiyaları imzalamaq kifayət deyil. Arbitrajın səmərəli işləməsi üçün güclü institutlar və qanunu ardıcıl və vicdanla tətbiq edən savadlı hakimlər lazımdır. Bakı Arbitraj Mərkəzinin yaradılması bu istiqamətdə atılmış mühüm addımdır. Peşəkar heyəti və beynəlxalq standartlara uyğun fəaliyyəti ilə bu Mərkəz, ölkəmizin ədalətli və şəffaf mübahisə həlli sisteminə sadiqliyini nümayiş etdirir. Bu Mərkəz arbitraja olan inamı möhkəmləndirəcək və Azərbaycanda qanunun aliliyini daha da gücləndirəcək".
Humay Eminqızı