- 15:00
"Arbitrajın uğurlu fəaliyyəti üçün arbitraj institutları ilə məhkəmələr arasında əməkdaşlıq əsas şərtdir".
E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Bakı Arbitraj Mərkəzinin açılış mərasimində deyib.
O bildirib ki, məhkəmələr arbitraj prosesinin qanuna uyğun aparılmasını və ictimai maraqların qorunmasını təmin edir: "Arbitrajın müstəqilliyinə hörmətlə yanaşan və qərarları vicdanla icra edən hakimlər həm ədalət sisteminə, həm də biznes mühitinə inam yaradır. Beləliklə, məhkəmələr və arbitraj birlikdə vətəndaşlara, şirkətlərə və dövlətə fayda gətirən vahid ədalət sistemi formalaşdırır".
İ.Kərimovun sözlərinə görə, bu əməkdaşlıq həm də təhsil və hazırlıq proseslərini dəstəkləyir: "Yerli arbitraj inkişaf etdikcə, vəkillər, hakimlər və arbitrlər üçün yeni öyrənmə imkanları yaranır. Təlimlər qarşılıqlı anlayışı gücləndirir və şəffaf, proqnozlaşdırıla bilən, arbitrajı təşviq edən bir hüquqi mədəniyyətin formalaşmasına kömək edir".
Məhkəmə-Hüquq Şurasının sədri deyib ki, Azərbaycanın məhkəmə islahatları, yeni qanunları, rəqəmsal transformasiyası və potensialın gücləndirilməsi proqramları ədalət sistemimizi beynəlxalq ən yaxşı təcrübələrə yaxınlaşdırıb: "Azərbaycan regional ticarət və investisiya mərkəzinə çevrildikcə, məhkəmələr və arbitraj arasındakı əməkdaşlıq daha da vacib olacaq. Bu əməkdaşlıq ədalətin inam yaratmağa, inamın isə inkişafı təşviq etməyə davam etməsini təmin edəcək. Məhkəmə hakimiyyəti və institusional əməkdaşlıq vasitəsilə arbitrajın gücləndirilməsi təkcə texniki islahat deyil bu, ədalətin gələcəyi üçün bir baxışdır. Bu baxış hakimləri, arbitrləri və siyasətçiləri hörmət, peşəkarlıq və ortaq dəyərlər əsasında birgə işləməyə dəvət edir. Biz ədaləti gücləndirdikdə istər məhkəmələrdə, istər arbitrajda, istərsə də digər institutlarda təkcə mübahisələri həll etmirik. Biz sülh, inam və rifah yaradırıq".
Humay Eminqızı