- 15:36
Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən islahatlar nəticəsində hakimlərin seçilməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini və Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov Milli Məclisin bugünkü plenar iclasında deyib.
O bildirib ki, əvvəllər hakim təyinatı 2 il ərzində tamamlanırdı, hazırda isə bu proses 1 il müddətində başa çatır: "Yəni hakimlər artıq 1 il ərzində təyin edilirlər. Bundan əlavə, əvvəllər 7 olan imtahan sayı indi 3-ə endirilib".
Ç.Əsgərov deyib ki, hazırda 650 hakim fəaliyyət göstərir, gələn il isə bu rəqəmin 720-yə çatdırılması planlaşdırılır: "Məhkəmə-Hüquq Şurası çərçivəsində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi təşkil edilib. Komitə tərəfindən hazırlanan və beynəlxalq standartlara uyğun olan qiymətləndirmə metodikası əsasında hakimlərin fəaliyyəti analiz edilir. Bu qiymətləndirmə nəticəsində, daha yaxşı nəticələr göstərən hakimlər müəyyənləşdirilir. Hakimlərin fəaliyyətinin bütün istiqamətləri nəzərə alınır".
Şəbnəm Mehdizadə