- 11:39
Bu gün Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham elan edilib.
Humay Eminqızı