- 16:17
Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev "LEGIS" Beynəlxalq Hüquq Forumunda hakimliyə qəbul prosesinin təkmilləşdirilməsindən danışıb.
E-huquq.az-ın məlumatına görə, o bildirib ki, əvvəllər namizədlərin ümumi hüquq üzrə dünya görüşü kifayət qədər geniş olmadığından, 3 mərhələnin keçilməsindən sonra uzunmüddətli, 1 illik tədris proqramına ehtiyac duyulurdu: "Lakin son illər hüquq təhsilinin inkişafı göstərdi ki, namizədlər belə geniş tədrisdən çox peşə biliklərinin inkişafına yönəlmiş tədrisə ehtiyac duyurlar".
S.Hacıyev etiraf edib ki, yazılı və şifahi imtahanlarda namizədlərin hüquqi yazı və natiqlik bacarıqları bir çox hallarda arzuolunan səviyyədə deyil: "Bu baxımdan universitetlərdə hüquqi yazı fənninə, hüquq klinikalarının inkişafına və səhnələşdirilmiş məhkəmə proqramlarına daha çox diqqət ayrılmalıdır. Hətta bəzən test imtahanından yüksək bal toplayan namizədlərin yazılı və şifahi imtahanlardan keçə bilmədiklərinin şahidi oluruq. Fikirlərinin arqumentasiyasında ümumən məntiqi ardıcıllığın təmin olunmasında çətinliklər yaşayırlar".
Ali Məhkəmənin kollegiya sədri həmçinin bildirib ki, universitetlərdə təcrübə proqramlarına da diqqət ayrılmalıdır: "Belə ki, tələbələr hüququn müxtəlif sahələrinə toxunmaq imkanı əldə etməli, bu da onlara ixtisas seçimlərində daha rahat qərar qəbul etməyə şərait yaratmalıdır"