- 16:17
Süni intellekt hakimləri əvəz edə bilməz, amma dəstəkçi rolunda faydalıdır.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
O bildirib ki, qərar verən subyekt həmişə hakimdir, süni intellekt yalnız yardımçı vasitə kimi tətbiq edilə bilər.
S.Hacıyev vurğulayıb ki, qərarların qəbulu zamanı məhz insana xas xüsusiyyətlər – ədalət hissi, humanizm və mütənasibliyin qiymətləndirilməsi mühüm rol oynayır və bu, süni intellekt tərəfindən tam təmin oluna bilməz.
Kollegiya sədri qeyd edib ki, süni intellektin tətbiqi hakimlərin qərarlarının tərtibi zamanı beynəlxalq təcrübənin öyrənilməsi, müəyyən hüquqi məsələlər üzrə yanaşmaların araşdırılması, qanunvericiliyin təhlili və Plenum qərarlarının hazırlanmasında dəstək baxımından faydalıdır. Həmçinin hakimlərin fəaliyyətinin optimallaşdırılması, yəni qərarların hazırlanması prosesinin sadələşdirilməsi, icraat çərçivəsində qəbul edilən qərarlar, əmr və sadələşdirilmiş icraat üzrə qərarların tərtibi, məhkəmə iclas protokollarının "speech-to-text" proqramları ilə hazırlanması, məhkəmə bildirişləri və qərarlarının göndərilməsi sahəsində süni intellektin tətbiqi töhfə verər.
S.Hacıyev deyib ki, hazırda tam elektron icraata keçidin təmin olunması üzrə işlər gedir və bu süni intellekt proqramlarının tərtibini daha da asanlaşdıracaq.
Onun sözlərinə görə, məhkəmə idarəçiliyi sahəsində də süni intellektin tətbiqi çox faydalıdır. Statistik təhlillərin aparılması, hakimlərin iş yükünün hesablanması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və s. sahələrdə süni intellektdən istifadə olunmalıdır. Həəmçinin iddia ərizələrinin, vəsatətlərin tərtibi, məhkəmə qərarlarının proqnozlaşdırılması istiqamətində süni intellekt fayda verər.